İd, eqo və supereqo
İd, eqo və supereqo — Ziqmund Freydə məxsus psixikanın struktur modelini təşkil edən 3 psixi aparatdan biri.
Bu üç aparatın fəallığı və qarşılıqlı əlaqəsi insanın psixi həyatını təsvir edir. Bu psixi modelə əsasən "İd" özündə bir-birinə bağlı olmayan instinktiv meylləri cəmləşdirir, "supereqo" tənqidi və nəsihət verici rol oynayır, "eqo" isə mütəşəkkil və real hissə olmaqla, "id"-in istəkləri ilə "supereqo" arasında aralıq rola malikdir. "Supereqo" insanın istədiyi hərəkəti etməsinin qarşısını almaq gücünə malidkir.
Bu konsepsiya Freydin yaradıcılığının daha gec mərhələlərində yaranmış və 1920-ci ildə nəşr edilmiş əsərində müzakirə edilmişdir.
İd şəxsiyyətin quruluşunun qeyri-mütəşəkkil hissəsi olmaqla, özündə insanın başlıca instiktiv meylləri ehtiva edir. İd şəxsiyyətin yeganə elementidir ki, doğuşdan etibarən mövcud olur.
Bu, insanın fiziki tələbatlarının, arzu, istək və impulslarının, xüsusilə, insanın seksual və aqressiv istəklərinin mənbəyidir. İd, özündə obyektiv reallığın tələblərindən asılı olmayan instiktiv hərəkətin ilkin mənbəyi hesab edilən libidonu ehtiva edir. İd "həzz prinsipi" (hər hansı impulsun dərhal təmin edilməsinə çalışan hərəkətlərin stimullaşdırması) əsasında fəaliyyət göstərir.